Hövzə Xəbər Agentliyinin məlumatına görə, hövzənin əxlaq ustadlarından biri olan mərhum Ayətullah Əzizullah Xoşvəqt öz əxlaq dərslərinin birində “İslamda istixarənin yeri” mövzusuna toxunmuş və söhbətinin mətni belədir: İslam bir çox məsələlər haqqında hökm vermişdir. O hallarda ki, ilahi hökm mövcuddur, artıq istixarəyə ehtiyac yoxdur. Allah bir iş barədə “bu vacibdir” buyurmuşsa, insan istixarə etsə və nəticə mənfi gəlsə belə, həmin işi tərk edə bilməz. Çünki o, vacibdir və mütləq yerinə yetirilməlidir.
Habelə, Allah bir şey haqqında “bu halal deyil və tərk edilməlidir” buyurmuşsa, istixarə yaxşı gəlsə belə, onu etmək icazəli deyil.
Deməli, Allahın hökmü qəti olduğu hər yerdə istixarə etmək olmaz; əksinə, hökmün açıq şəkildə müəyyən edilmədiyi və insanın birbaşa dini vəzifəsinin bulunmadığı hallarda istixarə öz mənalı yerini tapır.
Məsələn, bir insanla alış-veriş etmək öz-özlüyündə halaldır. Lakin bəzən bilmirik ki, bu şəxs sözünə sadiq və dürüstdür, ya yox, yaxud gələcəkdə düzgün davranacaqmı? Belə vəziyyətdə nə etmək lazımdır?
Əvvəlcə insan öz ağlı və təcrübəsi ilə qarşı tərəfin necə bir xarakterə malik olduğunu anlamağa çalışmalıdır.
1-ci mərhələ:
Əgər insan bir müddət onunla işləyib, alış-veriş edib, ünsiyyətdə olub, müxtəlif həyat situasiyalarında onun davranışlarını görmüşdürsə, mal-dövlət məsələsində necə rəftar etdiyini başa düşə bilər.
Bu yolla onun etibarsız olduğunu müəyyən etsə, alış-veriş etmir; əgər onun dürüst olduğunu anlasa, alış-verişi həyata keçirir. Bu, birinci mərhələdir.
2-ci mərhələ:
Əgər bu tanıma mümkün deyilsə və insan onunla heç vaxt ünsiyyətdə olmayıbsa, ikinci mərhələ həmin şəxslə əvvəllər işləyən və ya alış-veriş edən insanlarla məsləhətləşməkdir.
Onlar “keçmişi yaxşı deyil” desələr, alış-veriş etmir; “etibarlı insandır” desələr, alış-veriş edir. Bu da ikinci mərhələdir.
3-cü mərhələ:
Əgər bu mərhələdə də qəti nəticə əldə olunmasa yəni onunla işləyənlər də aydın bir fikir bildirə bilməsə və yaxud haqqında etibarlı məlumat mövcud olmasa belə bir tərəddüd və qeyri-müəyyənlik vəziyyətindən çıxmaq üçün son mərhələ “Allahla məsləhətləşmək”, yəni istixarədir.
Beləliklə, istixarə yalnız üçüncü mərhələdə və ilk iki mərhələ nəticə vermədiyi zaman öz yerini tutur.
Səsi dinləmək və yükləmək üçün buraya klik edin.
Rəyiniz